9-10 oktyabr 2021-ci il tarixlərində Bakı Expo Mərkəzində “Gələcəyini Qur!” Layihəsinin cari ilində ilk tədbiri baş tutdu. Tədbir Bakıdan olan Layihə iştirakçılarını əhatə edirdi.
VII Bakı Beynəlxalq Kitab Sərgisinin son günlərinə təsadüf edən tədbir Layihə dəyərlərinə həsr olunmuşdu. Tədbir Layihə iştirakçılarının sərgini ziyarət etməsi ilə başladı. Bundan sonra Libraff kitab mağazaları şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi, video-bloqer Sərxan Rüstəmov “Mütaliə və onun faydaları” mövzusunda gənclərin önündə çıxış etdi və onların suallarını cavabladı.
Tədbir Layihə məzunlarının çıxışları ilə davam etdi. Hal-hazırda DOST Agentliyində çalışan, Layihənin 2015-2016-cı il məzunu Zərifəxanım Həsənli “Zamanın idarə edilməsi” mövzusunda iştirakçılar üçün təqdimat göstərdi. Ardınca Layihənin 2015-2016-cı il məzunu, hal-hazırda təhsili ADNSU-da magistratura pilləsində davam etdirən Samir Qulamzadə “Məqsədlərin müəyyən edilməsi” mövzusunda gənclərlə interaktiv təlim keçdi. Tədbirin sonunda Layihə iştirakçıları üçün kitab və mütaliə mövzusunda viktorina təşkil olundu. Viktorinada suallara düzgün cavab verən Layihə iştirakçıları kitab hədiyyələri qazandı.
Qeyd edək ki, Bakıdan olan Layihə iştirakçılarının 2014-cü ildən Təhsil Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin cari, 8-ci ilində iştirakı bp və tərəfdaşları, PAŞA Holding, Azerfon, Baker Tilly və İpəksu şirkətlərinin maliyyə dəstəyi ilə həyata keçirilməkdədir.