Tez-tez verilən suallar

“Gələcəyini Qur!” nədir?

“Gələcəyini Qur!” bir təhsil təqaüdüdür. Əsas məqsədi gənclərin inkişafıdır. Bu təqaüd 11-ci sinifdə oxuyan şagirdlərə 1 il ərzində tamamilə ödənişsiz universitetə hazırlıq, psixoloji dəstək, təlimlər və motivasiya tədbirləri, ixtisas seçimi və digər imkanları yaradır.

Bu təqaüdü necə qazanmaq olar?

Təqaüdü qazanmaq üçün şagirdlər 3 meyara uyğun olmalıdırlar: yüksək intellektual potensial, təhsil almağa həvəs və ailənin sosial durumu. “Gələcəyini Qur!” təqaüdü aztəminatlı ailələrdən olan yüksək potensiallı gənclər üçündür.

“Gələcəyini Qur!” Layihəsini kim təşkil edir?

“Gələcəyini Qur!” Layihəsi AR Elm və Təhsil Nazirliyi tərəfindən dəstəklənir və müxtəlif şirkətlərin maliyyə dəstəyi ilə həyata keçirilir.

Şirkətlər layihəni və Azərbaycan gənclərini niyə dəstəkləyir?

Şirkətlər “Gələcəyini Qur!” Layihəsinə maliyyə dəstəyi etməklə ölkəmiz üçün bacarıqlı və bilikli mütəxəssislərin hazırlanmasına öz töhfələrini verirlər.

Layihədə kim iştirak edə bilər?

Layihəyə seçim prosesi bir neçə mərhələdən ibarət olduğu üçün, şagirdlər hələ 10-cu sinifdə ikən müraciət etməlidirlər. Yüksək bilik səviyyəsi, təhsil almaq həvəsi və istəyi olan, lakin maddi durumu təhsil almağa mane olan aztəminatlı ailələrdən 10-cu sinif şagirdləri bu layihəyə müraciət edə bilər.

Layihənin şərtləri nədir?

Layihəyə qəbul zamanı şagirdin müxtəlif fənlərdən bilik və ümumi intellekt səviyyəsi ilə yanaşı, təhsil almağa həvəsi və ailəsinin sosial durumu qiymətləndirilir.

Mən 9-cu (11-ci) sinif şagirdiyəm – layihədə iştirak edə bilərəm?

Müraciət zamanı hələ 9-cu sinifdə və ya artıq 11-ci sinifdə oxuyan şagirdlər layihədə iştirak edə bilməz. Layihəyə seçim prosesi bir neçə mərhələdən ibarət olduğu üçün, şagirdlər hələ 10-cu sinifdə ikən müraciət etməlidirlər ki, seçildiyi halda 11-ci sinifdə “Gələcəyini Qur!” iştirakçısı olsunlar.

Mən V qrup üzrə hazırlaşıram – layihə V qrup ixtisaslarını əhatə edir?

Layihədə hazırlıq I, II, III və IV ixtisas qrupları üzrə aparılır. V ixtisas qrupu üzrə hazırlaşan şagirdlər layihədə iştirak edə bilməz.

Layihədə iştirak ödənişlidir?

Xeyr, layihədə iştirak tamamilə ödənişsizdir. “Gələcəyini Qur!” aztəminatlı ailələrdən yüksək potensial və təhsil almağa həvəsli şagirdlər üçün nəzərdə tutulub.

Layihədə iştirak etmək üçün nə etmək lazımdır?

Layihənin iştirakçısı olmaq istəyən hər bir namizəd öncəliklə qeydiyyatdan keçərək müraciət ərizəsini doldurmalıdır.

Layihənin niyə bir neçə seçim mərhələsi var?

Hər seçim mərhələsində namizədin layihənin meyarlarına uyğun olub-olmaması yoxlanılır. Layihənin seçim meyarları bunlardır: şagirdin bilik səviyyəsi, təhsil almağa həvəsi və ailəsinin sosial durumu.

İmtahan mərhələsində hansı fənlər üzrə suallar olur?

İmtahan buraxılış və ya blok fənləri üzrə təşkil olunur. İmtahan haqqında bütün detallar (tarix, məkan və s.) Layihənin Instagram səhifəsində paylaşılır.

Müsahibələr kim tərəfdən keçirilir?

Müsahibələr təlim keçmiş heyət tərəfindən aparılır. Müsahibənin əsas məqsədi şagirdi daha yaxından tanımaqdır.

Müsahibədə hansı suallar verilir?

Müsahibənin əsas məqsədi şagirdi daha yaxından tanımaqdır – bunun üçün ona özü, ailəsi, maraqları, məqsədləri haqqında suallar verilir.

Ailələrə səfərlər niyə təşkil olunur?

Ailələrə səfərlərin məqsədi şagirdin ailəsi ilə daha yaxından tanış olmaq və onun sosial durumunu müəyyənləşdirməkdir.

Dərslər harada təşkil olunur?

Dərslər layihənin tərəfdaşlıq etdiyi tədris mərkəzlərinin filiallarında təşkil olunur. Şagird layihəyə seçilərsə, onun yaşadığı yerə ən yaxın yerləşən dərs filialına gedəcək.

Mən özüm hazırlığa gedirəmsə, layihədə iştirak edə bilərəm?

“Gələcəyini Qur!” təhsil almaq istəyən, lakin maddi çətinlikləri olan şagirdlər üçündür. Şagirdin ailəsi hazırlıq ödənişlərini qarşılayırsa, deməli bu şagird layihəyə uyğun deyil.

Layihə vasitəsilə xaricdə təhsil ala bilərəm?

“Gələcəyini Qur!” təhsil təqaüdü Azərbaycan Respublikasında yerləşən universitetlərə hazırlığı təşkil edir.

Layihəyə seçim haqqında məlumatı necə əldə edə bilərəm?

“Gələcəyini Qur!” haqqında ən son xəbər, yeniliklər və seçim prosesi haqqında məlumat veb-sayt və Layihənin sosial media hesablarında yerləşdirilir.

Mən yalnız bir (iki) fəndən hazırlığa getmək istəyirəm – layihəyə qoşula bilərəm?

Layihədə iştirak edən abituriyent hazırlaşdığı ixtisas qrupu üzrə bütün fənlərdən dərslərdə iştirak etməlidir.

Layihəni bitirmiş gənclər işlə təmin olunur?

Layihənin məqsədi gənclərə ali məktəbə qəbul olma prosesində dəstək göstərməkdir. Layihəni bitirmiş gənc qəbul olduğu universitetdə dərslərdə çalışqanlıq, yüksək nəticə və fəallıq göstərməlidir ki, universiteti bitirdikdə özü iş tapa bilsin.

Layihədə iştirak edən gənc pullu proqrama qəbul olsa, layihə onun təhsil haqqını ödəyəcək?

Layihənin əsas məqsədi şagirdin ali məktəbə ödənişsiz (pulsuz) əsaslarla qəbul olmasıdır. Bunun üçün layihəyə seçilmiş şagird çalışmalı və imtahanlarda yüksək nəticə göstərməlidir. Layihədə iştirak ərzində universitetə ödənişsiz (pulsuz) əsaslarla qəbul olmaq üçün tələb olunan nəticəni göstərməyən şagirdlər layihədə iştirakını dayandırır.