15 dekabr 2019-cu il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi Beynəlxalq Könüllülər Gününü qeyd etdi. Hər il bütün dünya 5 dekabr tarixini iqtisadi və sosial inkişaf naminə Beynəlxalq Könüllülər Günü kimi qeyd edir.
Tədbirdə müxtəlif peşələrdə çalışan və layihənin müxtəlif mərhələlərində təmənnasız əməkləri ilə layihəyə dəstək olan könüllülər iştirak etmişdi. Səhər yeməyi ilə açılan tədbir müxtəlif interaktiv komanda fəaliyyətləri ilə davam etdi.
Tədbir zamanı “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin cari 6-cı ilində görülmüş işlər, fəaliyyət planı və növbəti addımları təqdim edildi, həmçinin ümumi dəyərləndirmə aparıldı. Könüllülərin ideya, rəy və təklifləri interaktiv formatda müzakirə olundu.
2014-cü ildən fəaliyyət göstərən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsindən bu günə qədər 700-dən çox gənc və onların ailələri yararlanmışdır. Layihənin bu və digər nailiyyətləri layihənin könüllülərinin dəstəyi nəticəsində mümkün olmuşdur.