8 oktyabr 2016-ci il tarixində tanınmış təlimçi, kommunikasiya və natiqlik üzrə Azərbaycanın aparıcı mütəxəssisi Rəşad Bayramov “Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsinin 70-dən çox məzunu üçün təlim keçirdi. Layihənin məzunları hal-hazırda Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alan 150-dən çox gəncdir. Təlim layihənin Azərbaycan Beynəlxalq Təhsil sərgisində iştirakı çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilmişdir.
Təlim uğurlu karyera qurmaq üçün tələb olunan bacarıq və biliklər haqqında gənclərə praktiki məlumatlar verdi. Rəşad Bayramov gənclər ilə iş təcrübəsini dəyərli məsləhətlərlə bölüşdü.
Rəşad Bayramov özünün rəsmi Facebook səhifəsində “Gələcəyini Qur” layihəsinin məzunları üçün keçirdiyi təlim haqqında belə yazır: “Gənclərlə görüşmək yenə həmişəki kimi çox xoş idi. Onlara arzum budur ki, hər birisinin karyeralarının ilk addımı uğurlu olsun. Ümid edirəm verdiyim məsləhətlər gənclər üçün faydalı olacaq.”