7 aprel 2019-cu il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi Göyçay Gənclər Mərkəzində növbəti tədbirini həyata keçirdi.
Tədbir Ağdaş, Kürdəmir, Ucar və Yevlax rayonlarından olan 50-dən çox gənci bir araya gətirdi. Tədbirdə spikerlər qismində Göyçay İnkişaf Mərkəzi İctimai Birliyinin əməkdaşı, təlimçi-ekspert və mentor Coşqun İsmayılov və “Gələcəyini Qur!” Layihəsinin dörd məzunu çıxış etdilər: Həcər İsmayılova (2-ci kurs, Geologiya mühəndisliyi ixtisası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), Elimxan Əliyev (3-cü kurs, Maliyyə ixtisası, Azərbaycan Universiteti), Samir Qulamzadə (3-cü kurs, Pirotexniki vasitələrin texnologiyası ixtisası, Azərbaycan Texniki Universiteti), Əkbər Mikayılov (4-cü kurs, Biznesin idarə edilməsi ixtisası, ADA Universiteti).
Çıxış zamanı Coşqun İsmayılov iştirakçılara vaxtın idarə olunması, özgüvən və digər mövzular haqqında interaktiv təlim keçdi. Layihə məzunları tədbir iştirakçıları ilə öz təcrübələrini bölüşərək onlara imtahan qabağı praktiki məsləhətlər verdilər. Tədbir boyunca layihə iştirakçıları üçün qrup işləri, komanda oyunları və digər interaktiv məşğələlər keçirildi.
Artıq 5-ci ildir ki, fəaliyyət göstərən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dəstəklənir və bir sıra yerli və xarici şirkətlərin korporativ sosial məsuliyyət siyasətləri çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi gənclərin ali təhsilə yiyələnməsinə dəstək və töhfə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır.