“Gələcəyini Qur!” Layihəsi Xəzər Universitetində

19 dekabr 2021-ci il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi cari səkkizinci ilinin (2021-2022-ci tədris ili) dəyərlərə həsr olunan tədbirini həyata keçirdi. Tədbir Xəzər
Universitetinin Neftçilər kampusunda baş tutdu.

Tədbir Xəzər Universiteti haqqında təqdimatla başladı. Abituriyentlərlə iş üzrə şöbəsinin rəhbəri Ülvi Babasoy Layihə iştirakçılarına universitet haqqında məlumat verdi və gənclərin suallarını cavablandırdı. Layihənin məzunları olan və hazırda Xəzər Universitetində təhsil alan gənclər də abituriyentlərlə öz təcrübələrini bölüşdülər.

Tədbir Xəzər Universitetinin rektoru Dr. İradə Xəlilovanın çıxışı ilə davam etdi. Daha sonra, Xəzər Universitetinin qonağı olan  İstanbul Kent Universitetinin rektoru Dr. Necmettin Atsü
gənclərə təhsilin önəmindən bəhs edib, onlara təhsil həyatlarında müvəffəqiyyətlər arzuladı.

Xəzər Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı gənclərin qarşısında çıxış edərək mövzuya aid mühüm aspektlərdən danışdı. O,
həmçinin, Xəzər Universitetinin qurulmasından və hər insanın Vətəni qarşısında olan məsuliyyətdən söhbət açdı. Çıxışın yekununda professor Hamlet İsaxanlı Layihə iştirakçılarının
hər birinə müəllifi olduğu “Xəzərin sorağında” adlı kitabdan bir nüsxə həddiyə etdi.

Tədbirin digər spikerləri mövzunun müxtəlif aspektlərinə dair gənclərə təqdimatlar verdi. Spikerlər arasında müəllim, psixoloq və bir sıra sosial layihələrin təsisçisi Hüseyn Həsənov və insan resursları üzrə mütəxəssis Xəqani Səfərov da var idi. Layihə iştirakçıları üçün həmçinin kitabxananın turu təşkil olunmuşdur.

2014-cü ildən Təhsil Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsindən bu günə qədər 1200-dən çox gənc məzun olmuşdur. Layihəni uğurla başa
vuran məzunlarımız hazırda ölkənin bir sıra universitetlərində və həmçinin xarici universitetlərdə təhsillərini davam etdirirlər. Cari, 8-ci ilində “Gələcəyini Qur!” Layihəsi bp və tərəfdaşları,
PAŞA Holding, Azerfon, Baker Tilly və İpəksu şirkətlərinin maliyyə dəstəyi ilə həyata keçirilməkdədir.