10 oktyabr 2019-cu il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin Bakıdan olan iştirakçıları “Baku Expo Mərkəzi”ndə təşkil olunmuş 13-cü Beynəlxalq Təhsil Sərgisində iştirak etdilər. Sərgidə layihə həmçinin stend ilə təmsil olunmuşdur.
İlk olaraq Mərkəzin konfrans zalında ötən illərdə layihədən məzun olmuş gənclər layihə iştirakçıları üçün hazırladıqları təqdimatlar ilə çıxış etdilər. Əkbər Mikayılov, Qəsidə Rəsulzadə və Samir Qulamzadə şəxsi təcrübələrindən gənclərə öz tövsiyələrini verdilər. Daha sonra iştirakçılar bir sıra yerli universitetlərin təmsil olunduğu stendlərə yaxınlaşaraq onlar üçün maraqlı olan məlumatlarla tanış oldular. Təhsil sərgisində iştirak gənclərə müraciət etmək istədikləri universitetlər haqqında ətraflı məlumat almalarında, universitetlər və ixtisaslar barədə qərar vermələrində çox faydalı oldu.
“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin 13-cü Beynəlxalq Təhsil Sərgisində stend ilə təmsil olunması layihənin sponsoru, eləcə də ölkəmizdə sərgi və konfransların təşkilatçısı olan “Caspian Events Organizers” və “Iteca Caspian” şirkətlərinin dəstəyi sayəsində mümkün olmuşdur.