13 avqust 2017-ci il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi Park Inn otelində dördüncü ilin seçimləri ilə əlaqədar görüş keçirdi.
BP və tərəfdaşların dəstəyi ilə “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsi dördüncü ilində hədəf qrupuna əlilliyi olan gəncləri də daxil edəcək. Görüşün əsas məqsədi layihədə iştirak etmək istəyən və əlilliyi olan gənclər və onların valideynləri ilə tanış olmaq və onlara layihə haqqında ətraflı məlumat vermək idi.
Əlilliyi olan gənclərə layihə haqqında, onun məqsədi, fəaliyyəti, seçim prosesi və digər vacib detallar haqqında təqdimat verildi. Görüşdə əlilliyi olan gənclərin ali təhsilə cəlb olunmasında yaranan problem və maneələr və onların həlli yolları müzakirə olundu.
Görüşdə “Müstəqil Həyat İnkişaf və Dəstək Mərkəzi” İctimai Birliyin rəhbəri Aydın Xəlilov, ADA Universitetinin Müxtəliflik və İnklyuziv Təhsil şöbəsinin rəhbəri Elnur Eyvazov və həmin şöbənin mütəxəssisi Gültəkin Salamova iştirak etdi.
Qonaqlar gənclər ilə özlərinin gündəlik həyatda üzləşdiyi çətinliklərə baxmayaraq ali təhsilə yiyələnmələri və təhsilin onların həyatlarında oynadığı roldan danışdılar.
Layihənin əsas akademik tərəfdaşı Kainat Tədris Mərkəzinin rəhbəri İlqar Ağakişiyev də həmçinin görüşdə iştirak etdi və əlilliyi olan gənclər üçün layihə çərçivəsində dərslərin təşkil olunması haqqında məlumat verdi.
Qeyd edək ki, 2014-cü ildən fəaliyyət göstərən “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsi 2016-cı ildən BP və tərəfdaşları ilə əməkdaşlığa başlamışdır. Bir illik uğurlu əməkdaşlığın nəticəsi olaraq, layihə 4-cü ilində əhatə dairəsini dörd yeni rayon (Ağdaş, Kürdəmir, Ucar, Yevlax) və əlilliyi olan gəncləri hədəf qrupuna daxil etməklə genişləndirəcək.