3 Sentyabr 2016-cı il tarixində Gələcəyini Qur Layihəsinin 3-cü ilinə seçilən gənclər və onların valideynləri ilə 276 №-li orta məktəbdə görüş keçirildi.
Görüşün məqsədi qaliblərə layihə ilə bağlı ətraflı məlumat vermək, onları və valideynlərini layihənin işçi heyəti və layihə könüllüləri ilə tanış etmək idi. Tədbirdə Bakı şəhəri üzrə Təhsil idarəsinin sektor müdiri Afiq Əzizov, layihənin işçi heyəti tərəfindən Bəhruz Hidayətzadə, Turan Cəfərova, İlqar Ağakişiyev və Hüseyn Xəlilov çıxışçı qismində iştirak etdilər. Gənclərə layihənin məqsədi, tarixi, nailiyyətləri, son 2 ilin nəticələri və bir il ərzində nəzərdə tutulan proqram haqqında məlumat verildi. Layihənin məzunlarından olan Qəsidə Rəsulzadə və Vüsal Həsənov çıxış edərək öz təcrübələrindən gənclərə tövsiyələr verdilər.
Tədbirdə “Gələcəyini Qur” layihəsinə seçilən gənclər və valideynlərilə bərabər, layihənin çox saylı könüllü heyətinin nümayəndələri və layihə sponsorları da iştirak etdilər.
Layihənin seçim mərhələləri ərizə formasının doldurulması, sınaq imtahanı, müsahibə, 1 aylıq sınaq dərsi və ailəyə səfərdən ibarətdir. 2016-cı ilin fevral ayından başlayan və 6 ay ərzində davam edən 5 mərhələli seçim nəticəsində 170 məktəbdən 2800-dən çox müraciət edən şagird arasından 155 gənc layihənin iştirakçısı adını qazandı.
Layihəyə seçilən gənclərin 1 il ərzində universitetə qəbulu üçün intensiv hazırlığına köməklik olunacaq. Həmçinin onların fərdi inkişafına xidmət edəcək müxtəlif təlimlərin, görüşlərin və digər tədbirlərin keçirilməsi gənclərdə önəmli bilik və bacarıqların, dünyagörüşü və yüksək dəyərlərin formalaşmasına təsir göstərəcək.
Layihə Bakının Binəqədi, Xətai, Suraxanı, Qaradağ rayonlarını və Salyan məktəblərini əhatə edir.
Layihə korporativ sosial məsuliyyət siyasəti çərçivəsində 2015-2016-cı tədris ilində İTECA Caspian, EY, Kainat TM, Caspian Event Organisers şirkətlərinin sponsorluğu və Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə həyata keçirilmişdir. Layihənin tərəfdaşları ADA Universiteti, Azərbaycan Universiteti və Yüksək Texnologiyalar Parkı, icraçısı Legacy CSR Consulting and Management şirkətidir. Hal-hazırda layihənin növbəti ili üçün sponsorların cəlb olunması prosesi davam edir.