9 Avqust 2017-ci il tarixində Nobel qardaşlarının ev-muzeyində “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsinin BP şirkəti və tərəfdaşları ilə bir illik əməkdaşlığına həsr olunmuş yekun tədbir keçirildi. Tədbirdə BP və onun tərəfdaş şirkətlərinin nümayəndələri, “Gələcəyini Qur!” layihəsinin işçi heyəti və könüllüləri, layihənin əsas akademik tərəfdaşı Kainat Tədris Mərkəzinin nümayəndələri, layihənin iştirakçıları və onların valideynləri, həmçinin mətbuat nümayəndələri iştirak edirdi.
Tədbirdən öncə layihə iştirakçıları üçün Nobel qardaşlarının ev-muzeyində tur təşkil olundu.
Tədbirin aparıcısı BP şirkətinin Xarici Əlaqələr İdarəsinin rəhbəri Rəşad Bayramov tədbiri giriş sözləri ilə açaraq səhnəyə “Gələcəyini Qur!” Layihəsinin koordinatoru Turan Cəfərovanı dəvət etdi. Turan Cəfərova layihə haqqında təqdimat ilə çıxış etdi, layihənin BP və tərəfdaşları ilə bir illik əməkdaşlığı haqqında danışdı, layihənin gənclər ilə apardığı iş, bir il ərzində görülmüş fəaliyyətlət və əldə olunmuş nəticələr haqqında məlumat verdi.
BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, BP şirkətinin Azərbaycanda dəstəklədiyi sosial layihələr və sosial investisiya fəaliyyətləri haqqında məlumat verərək, “Gələcəyini Qur!” və digər təhsil layihələrinin əhəmiyyətini xüsusi vurğuladı. Bəxtiyar Aslanbəyli layihənin 28 iştirakçısını və onların valideynlərini təbrik etdi və onlara tələbə həyatlarında və dərslərində uğurlar arzuladı.
Növbəti çıxışçı “Gələcəyini Qur!” layihəsinin rəhbəri Bəhruz Hidayətzadə, layihəni 2016-cı ildən etibarən dəstəkləyən BP şirkətinə və onun tərəfdaşlarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və layihənin əsas akademik tərəfdaşı olan Kainat Tədris Mərkəzinə təşəkkürünü bildirdi. Bəhruz Hidayətzadə çıxışında layihənin BP şirkəti ilə uğurlu əməkdaşlığını vurğulayaraq tədbirin qonaqlarına layihənin növbəti illərdə genişlənməsi haqqında məlumat verdi. Layihənin növbəti – 4-cü ilində BP və tərəfdaşları artıq 120 layihə iştirakçısına dəstək göstərəcək. Eyni zamanda layihənin coğrafiyasına 4 yeni rayon əlavə olmaqla yanaşı (Ağdaş, Kürdəmir, Ujar, Yevlax), əlilliyi olan gənclərin ali məktəblərə hazırlığı da daxil olacaq.
Tədbir dövlət qəbul imtahanında yüksək bal toplayan layihə iştirakçılarının çıxışları ilə davam etdi. Ziya Məmmədov (659 bal) layihədə iştirakı və ən yadda qalan tədbir haqqında danışdı. Layihənin bu günə qədər ən yüksək nəticəsini (668 bal) toplayan iki iştirakçı, Ruqiyyə Bədirova və Hacihəsən Hacızadə, layihədə öyrəndikləri haqqında və gələcək planları haqqında çıxış etdilər. 665 bal toplayan Ziyad Məmmədov layihəyə seçilməsinin hekayəsini danışdı və ona ən çox təsir göstərən layihənin spikerləri haqqında məlumat verdi. Gənclərin çıxışları 553 bal toplayan Valentina Cavadovanın çıxışı ilə yekunlaşdı. Valentina öz nitqində layihənin ona qazandırdığı bilik və bacarıqlardan bəhs etdi, layihədə öyrəndiklərini tədbir iştirakçıları ilə bölüşdü.
Tədbirin növbəti hissəsində layihə iştirakçılarına BP və tərəfdaş şirkətlərinin nümayəndələri tərəfindən mükafatlar təqdim olundu. Layihənin bütün iştirakçılarına qiymətli hədiyyələr, 600 baldan çox toplamış iştirakçılara isə noutbuklar hədiyyə olundu.
Tədbirin sonunda qonaqlar üçün ziyafət təşkil olundu.
2014-ci ildən etibarən fəaliyyət göstərən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil idarəsinin dəstəyi ilə, bir sıra yerli və xarici şirkətlərin sponsorluğu ilə həyata keçirilir.