İxtisas seçiminə həsr olunmuş onlayn tədbirlər

16-17 yanvar 2021-ci il tarixlərində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin cari ilində iştirak edən abituriyentlərin ixtisas seçiminə dəstək məqsədilə onlayn tədbirlər təşkil edildi.

Öncəliklə, ixtisaslar və qəbul balları ilə bağlı ümumi məlumatlandırma həyata keçirildi, daha sonra tədbir abituriyentləri maraqlandıran sualların cavablandırılması ilə davam etdi. Gənclərin universitetlərə qəbul balları haqqında suallar layihənin akademik partnyoru olan Kainat Tədris Mərkəzinin rəhbəri Ceyhun Ağakişiyev tərəfindən cavablandırıldı.ADA Universitetinin IT və mühəndislik fakültəsinin dekanı Araz Yusubov, informasiya texnologiyaları sahəsində olan ixtisaslar və onların perspektivləri haqqında təqdimat etdi. Layihə məzunları Aysel Rəsulova (Xəzər Universiteti, Turizm və otelçilik, 4-cü kurs tələbəsi) və Nəriman Əliyev (Azərbaycan Dövlət İqtisad Universiteti, Biznesin idarə edilməsi, 1-ci kurs magistr tələbəsi) tədbirdə aktiv iştirak edərək öz ixtisasları və universitetləri haqqında məlumat verdilər. Məzunlar ixtisas seçimi, abituriyent və tələbə həyatı ilə bağlı öz fikir və təcrübələrini bölüşdülər. 

2014-ci ildən fəaliyyət göstərən və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dəstəklənən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin cari 7-ci ilində 150 gənc iştirak edir. Layihənin cari ilinin coğrafiyası Bakının altı rayonunu (Binəqədi, Qaradağ, Sabunçu, Suraxanı, Xətai, Xəzər) və ölkənin 5 regionunu (Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar, Yevlax) əhatə edir.