Qəbələdə “Yaradıcılıq və tənqidi düşüncə” mövzusunda tədbir

28 yanvar 2018-ci il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi dəyərlərə həsr olunmuş növbəti tədbirini həyata keçirdi.

Ağdaş, Kürdəmir, Ucar və Yevlax rayonlarından olan layihə iştirakçılarını Qəbələdə bir araya gətirən bu tədbir yaradıcılıq və tənqidi düşüncə mövzularına həsr olunmuşdur. Tədbirin spikerləri Araz Yusubov (ADA Universitetinin Mühəndislik və İnformasiya Texnologiyaları fakültəsinin dekan müavini, müəllim), Şəms Mustafayeva (təlimçi, kouç, ABTİ-də beynəlxalq məsələlər üzrə müşavir) və Yaqub Əliyev (ADA Universitetində riyaziyyat müəllimi) idi. Hər çıxışçı mövzuya həsr olunmuş təqdimat verdi və interaktiv məşğələlər keçirdi.

Araz Yusubov IT və proqramlaşdırma bacarıqlarının vacibliyi və onların həyatda tətbiqi haqqında danışdı. O, yaradıcılıq prosesini açıqlayaraq onun mərhələləri haqqında ətraflı məlumat verdi. Şəms Mustafayeva iştirakçılara yaradıcı və tənqidi düşüncə növlərinin arasında olan fərqləri anlamaqda kömək etdi, hər düşüncə növünün faydaları haqqında danışdı. O, bir neçə praktiki məşğələ keçirərək layihə iştirakçılarına özlərinin yaradıcı və tənqidi düşüncə bacarıqlarını istifadə etmək imkanı verdi. Yaqub Əliyev riyazi biliklərin dərsdən və məktəbdənkənar istifadə olunması haqqında təqdimat keçirdi. O, həmçinin riyazi məsələlərin həll yollarının real həyatda mövcud olan problemlərin həllində istifadəsi haqqında da iştirakçıları məlumatlandırdı.

2014-cü ildən fəaliyyət göstərən “Gələcəyini Qur!” Layihəsi hal-hazırda Bakıda və Bakıdan kənarda yaşayan gənclərə dəstək göstərir. BP və tərəfdaşlarının maliyyə dəstəyi nəticəsində layihənin ​coğrafiyasına dörd yeni rayon (Ağdaş, Kürdəmir, U​c​ar, Yevlax) ​əlavə ​olunmaqla yanaşı əlilliyi olan gənclər ilə iş də daxil oldu.