Pandemiyaya baxmayaraq Layihə davam edir: onlayn dərslər

“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi koronavirus (COVID-19) pandemiyasına baxmayaraq, öz fəaliyyətini davam etdirir. Mart ayından etibarən layihə iştirakçıları üçün dərslər onlayn şəkildə aparılır. Onlayn dərslər may ayı boyunca da davam edəcək.

COVID-19 virusunu epidemiya elan edən Ümumdünya Səhiyyə Təşkilatı mart ayının əvvəlində vəziyyətin epidemiyadan pandemiyaya keçdiyini bəyan etdi. Bunun ardınca, ölkədə xüsusi karantin rejimi elan olundu: virusun yayılmasının qarşısını almaq məqsədilə kütləvi şəkildə toplaşmaq qadağan edildi və bununla da qrup şəklində dərslər, eləcə də layihənin bütün iştirakçılarını bir araya toplayan layihə tədbirləri təxirə salındı.

Layihə dəyişən şəraitə dərhal uyğunlaşdığı üçün mühüm əhəmiyyət kəsb edən layihə fəaliyyətləri karantin rejimi ərzində də davam etdirilir. Mart ayının əvvəlindən etibarən layihənin akademik tərəfdaşı olan Kainat Tədris Mərkəzinin müxtəlif filiallarında keçirilən bütün dərslər onlayn platformalar vasitəsilə distant şəkildə həyata keçirilir. Kainat Tədris Mərkəzi layihədən faydalanan şagirdlərin proqramdan geri qalmamalarını və qəbul imtahanına hazırlaşa bilmələrini təmin etmək üçün onlayn sistemə keçid etdi və bütün lazımi tədbirləri həyata keçirdi.

26 aprel 2020-ci il tarixində layihə iştirakçılarının akademik göstəricilərinin qiymətləndirilməsi məqsədilə onlayn sınaq imtahanı baş tutdu.