Məzunların Kürdəmirli məktəblilər üçün onlayn təqdimatı

2021-ci il may ayının 25-də “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin sayca 6-cı ilinin Kürdəmirdən olan məzunları Kürdəmir Rayon Təhsil Şöbəsinin və Layihə rəhbərliyinin birgə təşkilatçılığı sayəsində rayonun 10-cu sinif şagirdləri ilə onlayn görüş keçirdilər.

İlk olaraq Layihənin 6-cı ilinin məzunu, hal-hazırda Bakı Dövlət Universitetinin Kompüter Elmləri ixtisasının 1-ci kurs tələbəsi Şahnaz Əmiraslanova Layihənin əsas məqsədi, əhatə etdiyi ərazilər, seçim meyarları və əldə etdiyi uğurları haqqında ətraflı məlumat verdi. Daha sonra hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika müəllimliyi ixtisasının 1-ci kurs tələbəsi Elnarə Həsənli “Layihə gənclərə nə verir?” mövzusunda təcrübəsini məktəblilər ilə bölüşdü. Son olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika müəllimliyi ixtisasının 1-ci kurs tələbəsi Lalə Şəmiyeva layihə çərçivəsində həyata keçirilən şəxsi inkişaf tədbirləri və abituriyentlərə göstərilən psixoloji dəstək barədə geniş məlumat verdi. 

Layihə məzunlarının Kürdəmirli məktəblilərlə onlayn görüşü Kürdəmir Rayon Təhsil Şöbəsinin rəsmi veb səhifəsində işıqlandırılmışdır. Məqaləyə keçid almaq üçün: https://kurdamir.edu.gov.az/az/page/10054/65564 

2014-ci ildən fəaliyyət göstərən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və bir sıra şirkətlərin sponsorluğu ilə həyata keçirilir.