Layihənin növbəti seçim mərhələsi baş tutdu

4 iyul 2022-ci il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin 2022-2023-cü tədris ili üçün seçim prosesinin növbəti mərhələsi olan fənn bloku üzrə imtahan baş tutdu. Növbəti tədris ilində layihənin əhatə dairəsinə əlavə ediləcək Samux və Goranboy rayonlarında yaşayan şagirdlər üçün də eyni tarixdə buraxılış imtahanı keçirildi.

Namizədlərin seçdikləri ixtisas qrupunda yer alan bütün fənlərin daxil olduğu imtahanda şagirdlərin fənlər üzrə bilikləri sınandı. 4 imtahan mərkəzi Bakıda, 7-si isə regionlarda olmaqla (Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar, Yevlax, Samux və Goranboy) ümumilikdə 11 imtahan mərkəzində imtahan həyata keçirildi. Sınaq imtahanları Layihənin tərəfdaşları olan Kainat Tədris Mərkəzi və Müstəqil Qiymətləndirmə Mərkəzi ilə birgə təşkil olunur.

Fənn bloku üzrə imtahanda buraxılış imtahanında topladığı nəticə 90 baldan yüksək olan şagirdlər iştirak etdi. Fənn bloku üzrə keçirilən imtahanın nəticələri və növbəti mərhələyə keçmək üçün tələb olunan keçid balı 10 iyul tarixinədək elan olunacaq. Keçid balını toplayan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.