“Gələcəyini Qur!” Layihəsi 2023-2024-cü tədris ilində öz işinə başladı

“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi 2023-cü ilin sentyabr ayından etibarən 10-cu ilinə başladı. Cari ildə Layihədə Bakı, Sumqayıt və Abşeron ilə yanaşı altı regiondan (Kürdəmir, Salyan, Sabirabad, Şirvan, Yevlax, Zaqatala) 60-a yaxın gənc iştirak edir.

Bakıdan olan builki yeni Layihə iştirakçıları ilə ilk tədbir 19 avqust 2023-cü il tarixində baş tutdu. Tədbirdə Layihənin direktoru Bəhruz Hidayətzadə, rəhbəri Turan Cəfərova və Psixoloqu Hüseyn Xəlilov Layihə iştirakçıları və onların valideynləri qarşısında çıxış edərək, Layihə haqqında ətraflı məlumat verdi, qarşıdakı tədris ilinin fəaliyyətlərindən, həmçinin hədəf və məqsədlərindən, Layihə iştirakçılarından olan gözləntilərdən söhbət açdı. Tədbirdə tərəflər arasında bağlanacaq müqavilənin detalları məktəblilər və onların valideynlərinə izah edildikdən sonra imzalandı.

Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan layihə bir sıra şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində, eyni zamanda fərdi sponsorların dəstəyi sayəsində fəaliyyət göstərir.