Layihə iştirakçıları Xəzər Universitetində

3 dekabr 2023-cü il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi, onuncu ilinin (2023-2024-cü tədris ili) məsuliyyət dəyərinə həsr olunan tədbirini həyata keçirdi.

Tədbir iki hissədən ibarət idi. İlk hissənin məqsədi Layihə iştirakçılarının universiteti daha yaxından tanıması idi. Əvvəlcə, iştirakçılar universitet haqqında təqdimatı dinlədilər. Daha sonra Layihənin Xəzər universitetini bitirən məzunları Lamiyə Səmədova və Gülarə Məmişova təqdimat əsasında, tələbəlik həyatlarından, təcrübələrindən və Layihənin onların həyatında olan təsirindən bəhs etdi. Məsuliyyət dəyərini izah etmək üçün söz Xəzər Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlıya verildi. O, çıxış edərək mövzuya aid mühüm məsələlərdən danışdı.

Tədbirin ilk hissəsi universitetin turu ilə bitdi. Növbəti hissədə yenidən spikerlər çıxış etdi, onların arasında psixoloq və bir sıra sosial layihələrin təsisçisi Hüseyn Həsənov və insan resursları üzrə mütəxəssis Xəqani Səfərov da var idi.

Tədbirin sonunda Layihə iştirakçıları günün dəyərləndirməsini həyata keçirdilər. Qeyd edirik ki, Layihənin 10-cu ili “PASHA Holding”, “Veysəloğlu” Şirkətlər Qrupu, “BakerTilly”, “İpəksu” şirkətlərinin maliyyə dəstəyi ilə həyata keçirilir.