15 may 2022-ci il tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin növbəti tədbiri baş tutdu. Tədbir Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar və Yevlaxdan olan Layihə iştirakçılarını əhatə edirdi.
Tədbir Layihənin gənclərlə iş üzrə koordinatoru Aytac Ələsgərlinin keçirdiyi “İmtahana hazıram” adlı interaktiv məşğələ ilə başladı. Məşğələ zamanı bir müddət öncə keçirilmiş Dövlət Buraxılış imtahanının nəticələri analiz edildi, qarşıdakı imtahanlar üçün praktiki məsləhətlər verildi. Daha sonra Layihənin Kürdəmir rayonundan olan 2020-ci il məzunu və hazırda Bakı Dövlət Universitetində “Kompüter mühəndisliyi” ixtisası üzrə II kursda təhsil alan Şahnaz Əmiraslanova və Bakıdan olan 2017-ci il məzunu, hazırda təhsilinə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistratura pilləsində “Mexanika mühəndisliyi” ixtisası üzrə davam edən Cavid Baxşəliyev abituriyentlər qarşısında çıxış etdilər. Məzunlar ixtisas seçimindən danışıb, tələbəlik illərini səmərəli keçirmək haqqında iştirakçılar ilə söhbət apardılar.
Tədbirin davamında Layihənin həmtəsisçisi və direktoru Bəhruz Hidayətzadə gənclərə düzgün ixtisas və iş seçimindən danışdı və öz təcrübələrini bölüşdü. Tədbir ixtisas seçiminə dair maraqlı bir testin keçirilməsi və nəticələrin müzakirəsi ilə yekunlaşdı.
Qeyd edək ki, adıçəkilən rayonlardan olan məktəblilərin “Gələcəyini Qur!” Layihəsinin cari (8-ci) ilində iştirakı bp və tərəfdaşlarının dəstəyi ilə həyata keçirilir.