“Karyerada İlk Addımlar” seminarı keçirildi

11 dekabr 2025-ci il tarixində “Gələcəyini Qur!” Layihəsinin ofisində, Deloitte şirkəti ilə əməkdaşlıq çərçivəsində “Karyerada İlk Addımlar” adlı seminar təşkil olundu. Seminar layihənin 1 və 2-ci kursda təhsil alan xanım məzunları üçün nəzərdə tutulmuşdu və gənclərin karyera planlaması ilə bağlı bilik və bacarıqlarının artırılmasını hədəfləyirdi.

Seminarda Deloitte şirkətinin İnsan Resursları üzrə mütəxəssisləri – Şəhla Xəlilova və Flora Əzimova spiker qismində çıxış edərək, iştirakçılarla öz peşəkar təcrübələrini bölüşdülər.

Görüş zamanı düzgün və effektiv CV-nin hazırlanması, karyera yolunda ilk addımların planlaşdırılması, eləcə də iş müsahibəsinə düzgün və məqsədyönlü hazırlıq qaydaları haqqında ətraflı məlumat verildi. İştirakçılar həmçinin tez-tez edilən səhvlər, işə qəbul prosesində diqqət edilməli məqamlar və şəxsi bacarıqların düzgün təqdim olunması ilə bağlı praktik tövsiyələr əldə etdilər.

Seminar gənc xanımların əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarına dəstək olmaqla yanaşı, onların özlərinə inamını artırdı və karyera ilə bağlı suallarına aydınlıq gətirdi. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.