20 aprel 2025-ci il tarixində “Gələcəyini Qur!” Layihəsinin cari ilində iştirak edən və “Kainat” Tədris Mərkəzində təhsil alan 11-ci sinif şagirdləri üçün ixtisas seçimi ilə bağlı konsultasiyalar keçirildi. Konsultasiyalar İxtisas Seçim Mərkəzinin təşəbbüsü ilə mərkəzin ekspertləri Məlahət Budaqova və Ruslan Ağakişiyev tərəfindən həyata keçirilmişdir.
Ekspertlər konsultasiya zamanı iştirakçılar ilə tək-tək görüşmüşdür. Konsultasiyaların ilk hissəsində ekspertlər iştirakçıların oxumaq istədiyi universitetlər və ixtisaslarla yanaşı onların Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanınından topladıqları ballarla tanış olmuşdur. Daha sonra iştirakçıların imtahan nəticələrinə və istəklərinə əsasən ən uyğun ixtisaslar müzakirə olunmuş, ekspertlər öz təcrübələrinə əsasən şagirdlərə seçmək istədikləri universitetlər barədə ətraflı məlumat vermişdir. Sonda isə abituriyentlərin bütün sualları ekspertlər tərəfindən dolğun şəkildə cavablandırılmışdır.
Abituriyentlər konsultasiyaların onlar üçün çox faydalı olduğunu, bütün suallarına cavab taparaq özlərinə ən uyğun ixtisası seçdiklərini, bu məqsədlə növbəti qəbul imtahanı üçün əzmlə çalışmağa motivasiya qazandıqlarını bildirdilər.