26 iyun 2022-ci il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin növbəti (2022-2023-cü) tədris ili üçün seçim prosesinin ilk mərhələləri həyata keçirildi.
Bir neçə mərhələdən ibarət olan seçim prosesinin qeyd edilən tarixdə anketlərin doldurulması və ilk sınaq (buraxılış fənləri üzrə) imtahanı mərhələsi baş tutdu. İmtahanlar ümumilikdə 12 imtahan mərkəzində keçirildi. Onlardan 7-si Bakıda, 5 imtahan mərkəzi isə regionlarda (Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar və Yevlax) yerləşirdi.
İlk sınaq imtahanı buraxılış fənlərini əhatə edirdi – bunlar Azərbaycan dili, riyaziyyat və xarici dil fənləridir. İmtahanda ümumilikdə 1000-ə yaxın şagird namizəd qismində iştirak etdi. İmtahan nəticələri və növbəti mərhələyə keçmək üçün tələb olunan keçid balı 30 iyun tarixinədək elan olunacaq. Növbəti seçim mərhələsi fənn bloku üzrə imtahan olacaqdır. İmtahanın tarixi barədə məlumat, həmçinin, yaxın günlərdə açıqlanacaq. İmtahanlar Layihənin tərəfdaşları Kainat Tədris Mərkəzi və Müstəqil Qiymətləndirmə Mərkəzi ilə birgə təşkil olunur.
Qeyd edək ki, növbəti tədris ilində layihənin əhatə dairəsinə Samux və Goranboy rayonlarının da daxil edilməsi nəzərdə tutulur. Adıçəkilən rayonlardan olan şagirdlər üçün ilk seçim mərhələsi fərqli tarixlərdə həyata keçiriləcəkdir.