Gələcəyini Qur Layihəsinə seçimlər yekunlaşdı

Cari ilin fevral ayında start verilən seçim prosesi 6 ay davam edərək, avqustda başa çatdırılmışdır. Beş mərhələdən ibarət olan seçim prosesinə ərizə formalarının qiymətləndirilməsi, ilkin sınaq imtahanı, müsahibə, bir aylıq sınaq dərsləri və ailələrə səfərlər aiddir.

Layihənin məqsədi az təminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik olan gənclərin həyatda uğur əldə etmələrinə dəstək və töhvə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır.

Layihədə iştirak üçün 2803 nəfər qeyd olunmuşdur və 5 mərhələnin nəticəsində layihəyə 155 nəfər seçilmişdir. Aşağıdakı cədvəl layihənin seçim mərhələsinin statistikasını əks etdirir.

“Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsinin 2016/17 Təhsil Ilinə Seçim Mərhələsinin Statistikasi

  • Siyahı üzrə şagirdlərin sayı – 2803 şagird
  • I mərhələ – anket yazan şagirdlər – 1002 şagird
  • II mərhələ – imtahana dəvət edilənlər – 891 şagird
  • III mərhələ – müsahibəyə dəvət edilənlər – 442 şagird
  • IV mərhələ – sınaq dərslərinə dəvət edilənlər – 292 şagird
  • V mərhələ – ailə səfərləri edilənlər – 275 şagird
  • Layihəyə qəbul olunanlar – 155 şagird

Layihəyə seçilən gənclərin 1 il ərzində universitetə intensiv hazırlığına köməklik olunacaq, həmçinin onların fərdi inkişafına xidmət edəcək müxtəlif təlimlərin, görüşlərin və digər tədbirlərin keçirilməsi ilə gənclərdə önəmli bilik və bacarıqların, dünyagörüşünün və dəyərlərin formalaşmasına dəstək olunacaq.

Layihə Bakının Binəqədi, Xətai, Suraxanı və Qaradağ rayonlarını və Salyan məktəblərini əhatə edir.

Layihə korporativ sosial məsuliyyət siyasəti çərçivəsində 2015-2016-cı tədris ilində İTECA Caspian, EY, Kainat TM, Caspian Event Organisers şirkətlərinin sponsorluğu və Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə həyata keçirilmişdir. Layihənin tərəfdaşları ADA Universiteti, Azərbaycan Universiteti və Yüksək Texnologiyalar Parkı, icraçısı Legacy CSR Consulting and Management şirkətidir. Hal-hazırda layihənin növbəti ili üçün sponsorların cəlb olunması prosesi davam edir.

Layihəyə seçilən gənclərin ümumi siyahısı ilə bu linkdən tanış ola bilərsiniz.