1 iyun 2022-ci il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsində Bakı şəhərindən iştirak edən 11-ci sinif şagirdlər üçün Bakı Dövlət Universitetində tədbir təşkil olundu.
Tədbiri giriş sözü ilə açan Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov gəncləri universitetin tarixi və hazırki fəaliyyəti ilə tanış etdi. Tədbirdə spiker qismində çıxış edən Hökümət və İctimaiyyətlə Əlaqələr üzrə direktor (GL Ltd) Aybəniz İsmayılova gənclərlə öz inkişaf hekayəsini və təcrübələrini bölüşərək onlara əsrin ən vacib bacarıqları barədə ətraflı danışdı. Tədbirin davamında Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktor müavini Anar Məmmədov Layihə iştirakçıları önündə çıxış edərək davamlılıq, özünəinam və daxili gücün önəmini vurğuladı.
Tədbirdə həmçinin “Gələcəyini Qur!” Layihəsindən müxtəlif illərdə faydalanan, hazırda isə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq, Kompüter elmləri, Dövlət və ictimai münasibətlər, Sosial iş, Jurnalistika və digər ixtisaslarında təhsil alan gənclər də iştirak etdi və məktəbliləri seçdikləri ixtisas və özlərinin tələbə həyatları haqqında məlumatlandırdı. Məktəblilər üçün universitet turu da təşkil olundu.
“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi Təhsil Nazirliyinin və müxtəlif sponsor-şirkətlərin dəstəyi ilə 2014-cü ildən etibarən fəaliyyət göstərir. Layihənin cari ilində Bakı şəhəri üzrə məktəbliləri bp və tərəfdaşları, PAŞA Holding, Veysəloğlu Şirkətlər Qrupu, Azerfon, Baker Tilly və İpəksu şirkətləri dəstəkləyir. Bu günə qədər Layihədən 1200-ə yaxın gənc və onların ailələri faydalanmışdır.