“Gələcəyini Qur!” Layihəsi 10-cu ilinin nailiyyətlərini qeyd etdi

2 mart 2025-ci il tarixində Azərbaycan İnnovasiya Mərkəzində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin onuncu ilinə həsr olunmuş yekun tədbiri baş tutdu. Tədbirin Azərbaycan İnnovasiya Mərkəzində keçirilməsi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sayəsində mümkün olmuşdur.

Tədbirin məqsədi 2023-2024-cü tədris ili ərzində “Gələcəyini Qur!” Layihəsində iştirak etmiş və ali məktəblərə qəbul olaraq tələbə adını qazanmış gənclərin nailiyyətlərini qeyd etməklə yanaşı, onları universitet həyatı və sürətlə dəyişən dünyada iş həyatına hazırlamaq idi.

Tədbirin açılışını edən Layihə rəhbəri Turan Cəfərova qonaqları və Layihə məzunlarını salamlayıb layihənin ötən ili haqqında təqdimatla çıxış etdi. Daha sonra söz Layihənin həmtəsisçisi Bəhruz Hidayətzadəyə verildi. O, tələbə adını qazanmış gəncləri təbrik etdi, Layihənin 10-cu ilində Layihəyə dəstək göstərmiş sponsor-şirkətlərə və tərfədaşlara təşəkkür etdi. Tədbir dövlət qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələrin mükafatlandırma mərasimi ilə davam etdi.

Tədbirin ikinci hissəsində gənclərin qarşısında spikerlər çıxış etdi. Layihə məzunu Samir Qulamzadə tələbəlik illərinin səmərəli keçirməyin yollarından danışdı. Təlimçi və yazıcı Coşqun Kərimov isə gənclərlə interaktiv fəaliyyət keçirdi, onlara gələcək iş həyatlarında lazım olacaq bacarıqlardan danışdı.

Layihənin 10-cu ilində Bakı və 6 regiondan (Kürdəmir, Sabirabad, Salyan, Şirvan, Yevlax və Zaqatala) 60-a yaxın gənc iştirak etdi. PAŞA Holding, PMD Group, Veysəloğlu Şirkətlər Qrupu, Baker Tilly və İpəkSu şirkətləri Layihəyə 10-cu ilində sponsor dəstəyini göstərmişdir.