“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin məzunları 14 fevral Beynəlxalq Kitab Bağışlama günü münasibətilə “Gələcəyə kitab bağışla” kitab toplama aksiyasına start veriblər.
Aksiyanın məqsədi ucqar kəndlərdə yaşayan məktəblilərə bədii kitablar hədiyyə etmək, onların kitablara və kitab oxumağa maraqlarını artırmaq, dünyagörüşlərini genişləndirməkdir. 1000 kitab toplamağı qarşılarına məqsəd qoyan gənclər sonda toplanılmış kitabları “KitabGəzər” Layihəsinə təhvil verəcəklər. “KitabGəzər” Layihəsi bu kitabları kənd məktəblərində yaradılmış kitabxanalara “Gələcəyini Qur!” Layihəsi adından hədiyyə edəcəklər. Aksiya çərçivəsində hal-hazırda 900-dən çox kitab toplanmışdı. Bu kitabların bəziləri maddi ianələr hesabına alınmış, digərləri isə aksiyaya hədiyyə edilmişdi.
14 fevral 2022-ci il tarixində bu münasibətlə Layihə ofisində aksiya ilə bağlı kiçik tədbir keçirildi. Tədbirdə “Gələcəyini Qur!” Layihəsinin rəhbərləri, “KitabGəzər” komandası, Parlaq İmzalar Nəşriyyatının nümayəndələri, Layihə könüllüləri və məzunları iştirak etdilər.
Qeyd edək ki, 2014-cü ildən Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi Bakı şəhərini, Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar və Yevlax rayonlarını əhatə edir. Bu günə kimi 1200-ə yaxın gənc və onların ailələri Layihədən faydalanmışdır.