“Cəsur addımlar” kitabının qəhrəmanları ilə görüş

4 may 2025-ci il tarixində “Gələcəyini Qur!” Layihəsinin cari ilində iştirak edən 10-cu sinif şagirdləri “Cəsur addımlar” kitabının qəhrəmanları ilə görüşdülər.

Tədbir “Gender Talks” platformasının nümayəndəsi Ayfər Şakirlinin təqdimatı ilə başladı. O, platformanın təşəbbüsü ilə hazırlanmış “Cəsur addımlar” adlı kitab haqqında danışdı. Kitabda müxtəlif sahələrdə uğur qazanmış qadınların həyat hekayələri toplanıb və bu hekayələr gənclərə cəsarətli qərarlar verməkdə ilham vermək məqsədi daşıyır.

Görüşdə həmin kitabda hekayələri yer alan iki qadın – şairə Leyli Salayeva və sosial işçi, UAFA təşkilatının təsisçisi Gwen Burchell də iştirak edirdilər. Hər iki qonaq öz şəxsi həyat yolları, qarşılaşdıqları çətinliklər və əldə etdikləri nailiyyətlər haqqında səmimi çıxışlar etdilər. Onların hekayələri iştirakçı şagirdlərdə motivasiya və ümid yaratdı. Tədbirin sonunda “Cəsur addımlar” kitabı bütün iştirakçılara hədiyyə edildi və qonaqlar tərəfindən imzalandı.

Görüşün ikinci hissəsində isə şagirdlər öz gələcək planlarını və arzularını vizuallaşdırmaq üçün “Məqsədlər Lövhəsi” (Vision Board) hazırladılar. Onlar qarşıdakı iki il ərzində çatmaq istədikləri hədəfləri fərdi şəkildə təsvir edərək kreativ lövhələr üzərində canlandırdılar. Bu fəaliyyət onların öz potensiallarına fokuslanmaları və məqsədlərinə bir addım daha yaxınlaşmaları üçün əhəmiyyətli bir fürsət oldu.