BP və tərəfdaşları ilə yeddi illik əməkdaşlığa həsr olunmuş yekun tədbir

16 oktyabr 2023-cü il tarixində Nobel qardaşlarının ev-muzeyində “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsinin bp şirkəti və tərəfdaşları ilə 7 illik əməkdaşlığına həsr olunmuş yekun tədbiri baş tutdu. Tədbirdə bp və tərəfdaş şirkətləri, Elm və Təhsil Nazirliyinin və universitet nümayəndələri, “Gələcəyini Qur!” layihəsinin işçi heyəti, layihənin iştirakçıları, həmçinin mətbuat nümayəndələri iştirak etdi.

Tədbirin açılışını edən bp şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, şirkətin Azərbaycanda dəstəklədiyi sosial layihələr və sosial investisiya fəaliyyətləri haqqında məlumat verərək, “Gələcəyini Qur!” və digər təhsil layihələrinin əhəmiyyətini xüsusi vurğuladı. Bəxtiyar Aslanbəyli layihə iştirakçılarını təbrik etdi və onlara tələbə həyatlarında və dərslərində uğurlar arzuladı. Növbəti çıxışı edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttərova layihənin ölkə təhsilinə verdiyi tövhələrdən, gəncləri gözləyən iş imkanlarından danışdı. Daha sonra çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Vazeh Əskərov layihə ilə bağlı müsbət düşüncələrini paylaşdı, gəncləri ali məktəbə qəbul olmaları münasibətilə təbrik etdi.

Tədbir Layihənin 2022-2023-cü tədris ilində fəaliyyəti haqqında təqdimatla davam etdi. İlk öncə Layihə rəhbəri Turan Cəfərova layihənin 7-ci fazasında baş tutmuş tədbirlər haqqında məlumat verdi. Daha sonra çıxış edən “Gələcəyini Qur!” layihəsinin direktoru Bəhruz Hidayətzadə, layihəni 2016-cı ildən etibarən dəstəkləyən bp şirkətinə və onun tərəfdaşlarına, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təşəkkürünü bildirdi. Layihə məzunlarının iştirakı ilə qısa video-rolik nümayış olundu – rolikdə gənclər layihənin onlara qazandırdığı bilik və bacarıqlardan, layihənin onların təhsil və karyera həyatlarında olan təsirindən danışdılar.
Tədbirdə iştirak edən gənclər üçün muzey turu təşkil olundu, layihəni uğurla bitirmiş gənclər mükafatlandırıldı. Tədbirin sonunda qonaqlar üçün ziyafət təşkil olundu.