Layihə iştirakçıları ATMU-da

27 fevral 2022-ci il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin cari 8-ci ilinin iştirakçıları üçün Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) növbəti tədbir baş tutdu. Tədbir Bakıdan olan Layihə iştirakçılarını əhatə edirdi.

Gəncləri salamlayan Layihə rəhbəri Turan Cəfərova sözü Azərbaycan Turizm və Menecment Universitetinin rektor müşaviri Elvin Yusifliyə verdi. Gəncləri universitetdə görməkdən məmnunluq duyduğunu qeyd edən Elvin Yusifli onları ATMU-da tələbə kimi görməyi də arzuladığını söylədi. Daha sonra universitetin “Karyera və kommunikasiya” şöbəsinin müdiri Səidə Məmmədova universitet haqqında təqdimatla çıxış etdi. ATMU-da “Turizm və otelçilik” ixtisası üzrə 3-cü kurs tələbəsi, Layihənin  2019-2020-ci il məzunu Cavidan Nəsirli də gənclər qarşısında çıxış edərək, universitet həyatından danışdı.

Tədbirin davamında “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin direktoru, “Yeni fikir” startap müsabiqəsinin təsisçisi dosent İsa Qasımov və “T-Network” təhsil platformasının baş mütəxəssisi Qoşqar Məhərrəmov gənclərə yaradıcı yanaşma, kreativ və tənqidi düşüncə, innovasiya və təşəbbüskarlıqdan danışdı.

Layihənin cari 8-ci ili bp və tərəfdaşları, PAŞA Holding, Azerfon, Baker Tilly və İpəksu şirkətlərinin maliyyə dəstəyi ilə həyata keçirilməkdədir. Cari ildə Bakının bütün rayonlarından, regionlardan isə Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar və Yevlaxdan 170-ə yaxın gənc və onların ailələri Layihənin fəaliyyətlərindən faydalanır. “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi 2014-cü ildən Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.