“Abituriyent Klubu”nun görüşləri davam edir

“Gələcəyini Qur!” Layihəsindən məzun olan bir sıra gəncin təşəbbüsü ilə yaradılan “Abituriyent Klubu”nun 8 may 2022-ci il tarixində Layihənin Bakıdan olan iştirakçıları ilə növbəti görüşü baş tutdu.

“Düzgün ixtisas və universitet seçimi” mövzusuna həsr olunmuş bu görüşün təşkilində əsas məqsəd abituriyentləri gələcəkdə sahib olmaq istədikləri ixtisaslar barədə məlumatlandırmaq və seçim etməzdən öncə hər bir ixtisas və universitet barədə araşdırmağın vacibliyini diqqətə çatdırmaq olmuşdur. Budəfəki görüşdə öncəki görüşlərdən fərqli olaraq Layihə məzunları ilə yanaşı, öz sahələrinin peşəkarları olan Layihə könüllüləri öz təcrübələrini paylaşaraq müxtəlif ixtisas və peşələrdən, bu ixtisas və peşələrin perspektivlərindən, iş tapmaq imkanlarından bəhs etdilər və iştirakçıları maraqlandıran sualları cavablandırdılar. Layihə iştirakçıları ilə görüşdə bir-birindən fərqli peşə və ixtisaslarda çalışan könüllülərimiz –  Qoşqar Məhərrəmov, Hüseyn Həsənov, Könül Osmanova, Fatima Məmmədova, Elmayir Hüseynova, Aynur Qasımova, Aynura Abdullayeva, Şəhla Xəlilova iştirak edirdilər.

2014-ci ildən fəaliyyət göstərən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin əsas məqsədi gənclərin ali təhsilə yiyələnməsinə dəstək və töhfə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır. Layihənin coğrafiyası hazırda bütün Bakı rayonlarını əhatə edir.