9-cu ilin məzunları üçün yekun tədbir

17 Mart 2024-cü il tarixində Bakı Olimpiya Stadionunun Konfrans zalında “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin doqquzuncu ilinin (2022-2023-cü tədris ili) nailiyyətlərinə həsr olunmuş yekun tədbir baş tutdu.

Tədbir Layihə rəhbəri Turan Cəfərovanın nitqi ilə başladı, onun təqdimatı vasitəsilə Layihə məzunları ötən ilin yaddaqalan anlarını bir daha xatırladı. Daha sonra söz Layihənin icraçı direktoru Bəhruz Hidayətzadəyə verildi. O, tələbə adını qazanmış gəncləri bu münasibətlə təbrik edərək, onların tələbəlik həyatına mayak rolu oynaya bilən vacib dəyərlərdən bəhs etdi.

Tədbirdə Ülvi Əliyev, Aysel Şirinova və Günay Vəliyeva qəbul imtahanında 600-dən çox bal topladıqlarına görə sertifikatlar ilə təltif olundular. Sertifikatlar gənclərə layihənin akademik tərəfdaşı olan Kainat Tədris Mərkəzinin nümayəndələri Məlahət Budağova, İlqar Ağakişiyev və Ruslan Ağakişiyev tərəfindən təqdim olundu.

Mükafatlandırma hissəsindən sonra söz Layihə məzunu Samir Qulamzadəyə və Layihənin koordinatoru Günel Pənahovaya verildi. Onlar bakalavr təhsilinin bir semestrini geridə qoyan layihə məzunlarına universitet həyatının daha da məhsuldar keçməsi üçün hansı fürsətlərin mövcud olması, nələrə xüsusilə diqqət yetirilməsi barədə çıxışlar edərək gənclərə öz tövsiyələrini verdilər.

Tədbirin ikinci hissəsində gənclər üçün interaktiv oyun təşkil olundu. Maraqlı fəaliyyətdən sonra gəncləri layihənin spikeri Xəqani Səfərov qarşıladı. O, tələbələrə universitet və universitetdən sonrakı həyatla bağlı danışdı.

Layihənin 9-cu ilini (2022-2023-cü tədris ili) uğurla tamamlamış 154 gəncdən 133-ü hazırda ali məktəblərdə, 12 nəfəri isə kolleclərdə təhsilini davam etdirir.