20 fevral 2022-ci il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin keçən 2020-2021-ci tədris ilinin məzunları üçün yekun tədbir keçirildi.
İlk öncə Layihənin həmtəsisçisi və direktoru Bəhruz Hidayətzadə gəncləri salamladı, onları tələbə adı qazanmaqları münasibətilə təbrik etdi, onlara təhsilin önəmindən bəhs etdi. Daha sonra Layihənin akademik tərəfdaşı olan Kainat Tədris Mərkəzinin təsisçisi və direktoru İlqar Ağakişiyev gənclərə qarşıdakı təhsil həyatlarında uğurlar arzuladı. Layihə rəhbəri Turan Cəfərova gənclərə Layihənin “Akademik nailiyyət mükafatı” təsis etməsi barədə məlumat verdi. Bu mükafat elə ilk dəfə həmin gün Layihənin 2015-2016-cı il məzunu, keçən il dünyasını dəyişən Elimxan Əliyevə verildi.
Tədbirin davamında gənc yazıçı Coşqun Kərimov gənclər qarşısında çıxış etdi, öz təcrübələrini bölüşdü. Gənclər ilə oynanılan interaktiv oyunun sonunda yazıçı qalib gələn iki Layihə məzununa öz kitablarından hədiyyə edəcəyini açıqladı. Coşqun Kərimovun çıxışından sonra isə Layihə məzunları Aytac Ələsgərli və Samir Qulamzadə “Yenidən birinci kurs olsaydım…” mövzusunda gənclərlə təcrübələrini paylaşdılar, öz tələbəlik illərindən danışıb, onlara bir sıra məsləhətlər verdilər.
Sonda isə Layihəni bitirmiş bütün gənclərə sertifikat təqdim olundu.
“Gələcəyini Qur!” Gənclərə Dəstək Layihəsi 2014-cü ildən Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi cəmiyyətə yüksək etik dəyərlərə, bilik və bacarıqlara malik sağlam düşüncəli gənclər qazandırmaqdır. Layihənin cari 8-ci ili bp və tərəfdaşları, PAŞA Holding, Azerfon, Baker Tilly və İpəksu şirkətlərinin maliyyə dəstəyi ilə həyata keçirilməkdədir.