2017-ci il dekabrın 3-də “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi “Məsuliyyət” mövzusuna həsr olunmuş tədbirini Xəzər Universitetində keçirdi.
Layihənin könüllüsü Rauf Cahangirov təhlükəsizlik tədbirləri haqqında iştirakçıları məlumatlandırdı. Daha sonra layihənin rəhbəri Bəhruz Hidayətzadə layihənin elmin vacibliyi, ədalət, sevgi, məsuliyyət kimi dəyərləri haqqında çıxış etdi. İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı universitet haqqında ətraflı məlumat verdi. Xəzər Universitetində təhsil alan “Gələcəyini Qur!” lahiyəsinin məzunları Azər Əliyev, Günel Abuzərli, Ziya Məmmədov və Günel Ələsgərli öz təcrübələrindən söz açaraq, ali məktəblərə qəbul imtahanına hazırlıqlar zamanı məsuliyyətin vacibliyindən, həmçinin, sistemli çalışmaq və layihənin onlara vermiş olduğu imkanlardan daha səmərəli istifadə etməkdən bəhs etdilər.
Çay fasiləsindən sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı “Məsuliyyət” mövzusunda çıxış etdi. Çıxışdan sonra layihənin rəhbəri Bəhruz Hidayətzadə Professor Hamlet İsaxanlıya layihəyə göstərdiyi dəstək və əməkdaşlığa görə diplom təqdim etdi.
Tədbirin davamında Xəzər Universitetinin Təhsil fakültəsinin dekanı Dr. Elza Səmədova məsuliyyətin növləri haqqında qısametrajlı filmlər nümayiş etdirərək, iştirakçılara bu barədə ətraflı məlumat verdi. Tədbirdə spiker qismində, həmçinin, Cavid Şahmalıyev (sosial işçi, “Uğur Akademiyası”nın həmtəsisçisi), Coşqun Kərimov (təlimçi və üç kitabın (“Kvan”, “Ubuntu” və “Alamo13”) müəllifi) və Xəqani Səfərov (Gilan Holding şirkətində insan resursları üzrə mütəxəssis) iştirak etdilər.