Çin Mədəniyyəti Günü keçirildi

6 dekabr 2025-ci il tarixində “Gələcəyini Qur!” Layihəsinin ofisində layihə məzunlarının iştirakı ilə Çin Mədəniyyəti Günü təşkil olundu. Tədbirin əsas məqsədi iştirakçıları Çin mədəniyyəti, adət-ənənələri və dəyərləri ilə yaxından tanış etmək, fərqli mədəniyyətlərə marağı və anlayışı artırmaq idi.

Gün ərzində iştirakçılar layihədə könüllü fəaliyyət göstərən Çinli könüllüdən Çin mədəniyyəti, gündəlik həyat tərzi və adətləri haqqında maraqlı və faydalı məlumatlar əldə etdilər. Tədbir interaktiv formatda təşkil olundu və nəzəri biliklərlə yanaşı, praktiki fəaliyyətlərlə də zənginləşdirildi.

İştirakçılar birlikdə Çin yazı sisteminin əsasları ilə tanış oldular, Çin heroqliflərinin yazılışını öyrənərək praktiki məşqlər etdilər. Eyni zamanda, Çin Yeni İl bayramı ərəfəsində bu mədəniyyətə xas olan qədim adətə uyğun olaraq kağızdan pəncərə bəzəkləri hazırlandı.

Tədbir çərçivəsində Çin mətbəx mədəniyyətinə də toxunuldu – iştirakçılar çöpstik (çubuqlar)

tutma qaydalarını öyrəndi və bu bacarığı əyləncəli oyunlar vasitəsilə məşq etdilər. Gün boyu Çin musiqilərinə qulaq asıldı, Çinlilərin mentalitetini və dəyərlərini əks etdirən sözlər və ifadələr, onların mənşəyi və mənası ətrafında maraqlı müzakirələr aparıldı.

Çin Mədəniyyəti Günü iştirakçılar üçün həm öyrədici, həm də əyləncəli bir təcrübə olmaqla yanaşı, mədəni müxtəlifliyin önəmini bir daha vurğuladı. Tədbir səmimi atmosferdə keçdi və iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.