2025-2026-cı tədris ilindən etibarən “Gələcəyini Qur!” Layihəsində Yumşaq Bacarıqlar proqramının tədrisinə start verilib. Bacarıqlar Məktəbi Layihəsinin təlimçiləri tərəfindən tədris ediləcək proqram il boyunca müxtəlif modullar üzrə davam edəcək və şagirdlərin şəxsi, sosial və akademik inkişafına dəstək olacaq.
İlk modul — “Özünü tanıma və idarəetmə” mövzusuna həsr olunub. Sessiyalar 26 oktyabr və 2 noyabr 2025-ci il tarixlərində həyata keçirilib. Sessiya zamanı şagirdlər özlərini daha yaxşı tanımağın, güclü və zəif tərəflərini fərqləndirməyin, şəxsi məqsədlər və hədəflər müəyyən etməyin vacibliyini öyrəniblər.
Təlim prosesində interaktiv oyunlar, qrup tapşırıqları, refleksiya yazıları və diskussiyalardan geniş istifadə edilib. Şagirdlər zaman idarəsi, stressin azaldılması strategiyaları, məqsəd təyin etmə metodları kimi praktik bacarıqları tətbiqi şəkildə öyrəniblər.