2025–2026-cı tədris ili üzrə “Gələcəyini Qur!” Layihəsinə qəbul olunan yeni şagirdlərlə ilk tanışlıq görüşləri 10, 21 və 28 sentyabr 2025-ci il tarixlərində Layihə ofisində keçirilib. Müxtəlif qruplarla təşkil olunan görüşlərin məqsədi şagirdlərin bir-biri ilə tanış olması, Layihənin ümumi strukturu, qaydaları və onlara təqdim olunacaq imkanlar barədə ilkin məlumatlandırılması idi.
Görüşlər interaktiv oyunlarla başlayıb və şagirdlərin bir-birini daha rahat tanımasına şərait yaradıb. Komanda işlərini təşviq edən qrup tapşırıqları sayəsində iştirakçılar ilk gündən birlikdə işləmək, fikir bölüşmək və qərar vermək bacarıqlarını tətbiq ediblər.
Tədbirin növbəti hissəsində Layihənin missiyası, dəyərləri, qaydaları və tədris ili boyunca keçiriləcək təlimlər, psixoloq sessiyaları, mentorluq görüşləri, əyləncəli fəaliyyətlər və digər inkişaf proqramları haqqında ətraflı məlumat verilib. Şagirdlər həmçinin onları gözləyən akademik və şəxsi inkişaf mərhələləri barədə suallar ünvanlayıb.
Bu görüşlər şagirdlərin layihəyə adaptasiyasını asanlaşdırmaqla yanaşı, onların yeni tədris ilinə qarşı motivasiyasını və komanda ruhunu da gücləndirib.