14, 21 və 28 may tarixlərində “Gələcəyini Qur!” Layihəsinin məzunları üçün “Karyeraya Hazırlıq” təlim proqramı keçirildi. Təlimlər karyera və şəxsi inkişaf sahəsində təcrübəli mütəxəssis olan Abid Səmədov və Tariyel Mustafayev tərəfindən həyata keçirildi.
Təlim proqramının ilk iki sessiyasında insan resursları və karyera inkişafı sahəsində 14 illik təcrübəyə sahib Abid Səmədov layihə məzunları ilə “Keyfiyyətli CV/Resume və LinkedIn profilin hazırlanması” və “Müsahibə mərhələsinə hazırlıq” mövzusunda təcrübə və biliklərini bölüşdü. Sonuncu sessiyada isə təhsil və şəxsi inkişaf sahəsində 16 illik təcrübəyə malik, peşəkar kouç Tariyel Mustafayev “Müsbət dəyişiklik nədir və niyə vacibdir?” mövzusunda iştirakçıları maarifləndirdi.
Üç sessiyadan ibarət olan və onlayn formatda baş tutmuş təlim proqramının sonunda iştirakçılar onlara verilmiş praktiki tapşırıqları yerinə yetirməklə müvəffəqiyyət və iştirak sertifikatları ilə təltif edildi, karyera həyatına başlamaq üçün vacib olan bilik və bacarıqlara yiyələndilər.