“Yay tətilində mən”

15 iyun 2025-ci il tarixində “Gələcəyini Qur!” Layihəsinin iştirakçıları üçün yay tətili ərəfəsində maarifləndirici və yaradıcı fəaliyyətlərdən ibarət tədbir təşkil olundu. Görüşün əsas məqsədi şagirdlərin yay aylarını daha məqsədli, planlı və şəxsi inkişaf yönümlü şəkildə keçirmələrinə dəstək vermək idi.

Tədbirin ilk hissəsində iştirakçılar psixoloqla görüşdülər. Görüş zamanı psixoloq şagirdlərlə “Yay tətilini necə daha effektiv və faydalı keçirmək olar?” mövzusunda söhbət apardı, onlara gündəlik həyat üçün praktiki tövsiyələr verdi və yay dövrü üçün balanslı bir plan hazırladı. Bu hissədə şagirdlər həm də öz düşüncələrini bölüşdülər və qarşılıqlı şəkildə ideya mübadiləsi apardılar.

Psixoloqla görüşdən sonra uşaqlar kiçik qruplara bölünərək yaradıcı fəaliyyətə cəlb olundular. Onlara verilmiş mövzular əsasında xəyal güclərini və komanda işini birləşdirərək rəsmlər çəkmək tapşırıldı. Bu fəaliyyət həm şagirdlərin əməkdaşlıq bacarıqlarını inkişaf etdirdi, həm də onların fərdi ifadə imkanlarını önə çıxardı.

 

Tədbirin ikinci hissəsində isə şagirdlər üçün motivasiyaedici və planlaşdırma yönümlü bir sessiya təşkil olundu. Burada onlara “Bucket List” (arzu siyahısı) anlayışı haqqında qısa təqdimat keçirildi. Sessiyada bu anlayışın mənşəyi, məqsədi və şəxsi inkişafda rolu barədə məlumat verildi. Daha sonra hər bir şagird öz yayı üçün arzu siyahılarını hazırlayaraq yay tətili ərzində həyata keçirmək istədiyi fəaliyyətləri və arzularını siyahılaşdırdı.