13 aprel 2025-ci il tarixində “Gələcəyini Qur!” Layihəsinin cari ilində iştirak edən 10 və 11-ci sinif şagirdləri Xəzər Universitetinə səfər etdilər. Səfər çərçivəsində abituriyentlər üçün Universitetin Mərmər Salonunda tədbir təşkil olunmuşdur.
Tədbir “Gələcəyini Qur!” Layihəsinin həmtəsisçisi Bəhruz Hidayətzadə və Xəzər Universitetinin İqtisadiyyat və Menecment fakültəsinin dekanı Razia İsayevanın çıxışları ilə başladı. Dillər və Ədəbiyyatlar departamentinin müəllimi Ülvi Babasoy Universitet haqqında təqdimatla çıxış etdi və abituriyentlərin suallarını cavablandırdı. Universitet haqqında təqdimatdan sonra, Layihənin ötən illərinin məzunları, hazırda Xəzər Universitetində müxtəlif ixtisaslarda təhsil alan gənclər abituriyentlərin qarşısında çıxış etdi, onlarla akademik və tələbə həyatları haqqında təəssüratlarını paylaşdılar.
Təbdirin ikinci hissəsi Xəzər Universitetinin məzunu, millət vəkili Ceyhun Məmmədovun çıxışı ilə başladı. “Gənclər gələcəklərini necə qurmalıdırlar?” adlı çıxışda millət vəkili sağlam həyat tərzi, sağlam düşüncə, şəxsi inkişaf və digər mövzulara dair gənclərə tövsiyələrini verdi. Razia İsayeva, Universitetin İqtisadiyyat və Menecment fakültəsinin dekanı gənclərə süni zəkanın inkişafı və onun liderliyə təsirindən danışdı. İnteraktiv keçən bu çıxışda gənclər insanlar və maşınlar arasında iş bölgüsü və münasibətlər haqqında sual-cavabda iştirak etdilər. Xəzər İnnovasiyalar Mərkəzinin Koordinatoru, Kömpüter Elmləri departamentinin müəllimi Fariz Həsənov informasiya texnologiyaları sahəsində yeni trend və peşələr haqqında danışdı.
Tədbirdə abituriyentlər üçün həmçinin kitabxana və Nanotexnologiyalar Laboratoriyasına səfər və konsert proqramı təşkil olunmuşdur.
2014-cü ildən fəaliyyət göstərən “Gələcəyini Qur!” Layihəsindən bu günə qədər Bakı və müxtəlf regionlardan 1500-dən çox gənc faydalanmışdır.