24 avqust 2024-cü il tarixində Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarının övladları üçün “Gələcəyini Qur!” Təhsil Təqaüdünün açılış tədbiri baş tutdu.
Tədbir Veysəloğlu şirkətlər qrupunun İnsan Resursları və Biznesə Dəstək üzrə İdarə Heyətinin üzvü Pərviz Qasımovun açılış nitqi ilə başladı. Pərviz bəy yeni təşəbbüsün şirkət üçün olan önəmindən danışaraq, təqaüdün qalibi olan şagirdləri və onların ailələrini təbrik etdi.
Daha sonra çıxış edən Layihənin həmtəsisçisi və direktoru Bəhruz Hidayətzadə, Layihə rəhbəri Turan Cəfərova şirkət və Layihənin əməkdaşlığından bəhs edərək Layihə ərzində görüləcək işlərlə bağlı ailələri məlumatlandırdı. Layihənin psixoloqu Hüseyn Xəlilov il ərzində şagirdlərlə aparılacaq psixoloji işdən danışdı.
Veysəloğlu Şirkətlər Qrupunda çalışan əməkdaşların 10 və 11-ci siniflərdə oxuyan övladları üçün nəzərdə tutulmuş bu təhsil təqaüdü şirkətin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilir. Təhsil təqaüdü proqramı bir il ərzində ali məktəblərə intensiv hazırlıq, psixoloji dəstək və müxtəlif inkişafetdirici tədbirləri özündə ehtiva edir.
Qeyd edək ki, “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi artıq 5-ci ildir ki, Veysəloğlu Şirkətlər Qrupu ilə əməkdaşlıq edir. Bu günə qədər şirkətin maliyyə dəstəyi nəticəsində Bakı və regionlardan 90-dan çox gənc Layihənin fəaliyyətlərindən faydalanaraq tələbə adını qazanmışdır.