Azərbaycan Dövlət Pedaqoji Universitetində tədbir

17 aprel 2022-ci ildə “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin cari (8-ci) ilinin iştirakçıları üçün Azərbaycan Dövlət Pedaqoji Universitetində növbəti tədbir baş tutdu. Tədbir Layihənin Bakıdan olan iştirakçılarını bir araya gətirdi.

Layihənin həmtəsisçisi və direktoru Bəhruz Hidayətzadənin gəncləri salamlaması ilə başlayan tədbirin davamında Layihə əməkdaşı Aytac Ələsgərli məktəblilər ilə interaktiv fəaliyyət keçirdi. Daha sonra Layihənin 2016-cı il məzunu, Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil almış Aytəkin Muradova ilk öncə tədbir iştirakçılarına universitet haqqında məlumat verdi. Tədbirin davamında Aytəkin Muradova və Layihənin ilk ilinin (2015) məzunu Əkbər Mikayılov gənclər ilə öz təcrübələrini bölüşdü. Tədbirin ikinci hissəsində təlimçi və gənc yazar Coşqun Kərimov gənclər üçün öz həyat hekayəsini bölüşdü və imtahanlar ilə bağlı bir sıra praktiki məsləhətlərlə çıxış etdi.

Qeyd edək ki, 2014-cü ildən Təhsil Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin cari, 8-ci ilində Bakıdan olan Layihə iştirakçılarının iştirakı bp və tərəfdaşları, PAŞA Holding, Veysəloğlu Şirkətlər Qrupu, Azerfon, Baker Tilly və İpəksu şirkətlərinin maliyyə dəstəyi ilə həyata keçirilməkdədir.