25 aprel 2021-ci il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi çərçivəsində layihə iştirakçılarının ixtisas seçimlərinə dəstək məqsədi ilə onlayn tədbir keçirilmişdir. Tədbirdə layihədən əvvəlki illərdə məzun olmuş gənclər və layihənin cari 7-ci ilində iştirak edən abituriyentlər iştirak etmişdir.
Tədbir layihənin rəhbəri Bəhruz Hidayətzadənin iştirakçıları salamlaması ilə başlandı. 40-dan çox layihə məzununun iştirak etdiyi bu tədbir onlayn şəkildə Zoom platformasında baş tutmuşdur. Platformanın yaratdığı imkanlardan istifadə edərək, abituriyentlər və məzunlar ixtisas qrupları üzrə virtual otaqlara bölünmüşdü: hər otaqda həmin ixtisas qrupları haqqında təqdimatlar və sual-cavab sessiyaları təşkil olunmuşdur. Tədbir müddətində abituriyentlər müxtəlif universitetlərdə eyni ixtisasda təhsil alan və həmçinin eyni universitetdə müxtəlif ixtisaslarda təhsil alan məzunlarımızdan öz hazırlaşdıqları ixtisas qrupları üzrə faydalı məlumatlar əldə etdilər.
“Gələcəyini qur!’’ Gənclərə Dəstək Layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunur və bir sıra şirkətlərin korporativ sosial məsuliyyət siyasətləri çərçivəsində, həmçinin fərdi sponsorların dəstəyi ilə həyata keçirilir.