Zaqatalada yay düşərgəsi

4-6 Avqust, 2017-ci il tarixlərində “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsi dövlət qəbul imtahanında yüksək nəticə əldə etmiş layihə iştirakçıları üçün Zaqatalada üç günlük yay düşərgəsi təşkil etdi.

Düşərgənin əsas məqsədi dövlət qəbul imtahanında fərqlənmiş layihə iştirakçılarını mükafatlandırmaqla yanaşı onlara tələbə həyatlarında lazım olacaq bilik və bacarıqlar vermək idi. Düşərgənin iştirakçıları üçün “Hədəflərin təyin olunması və onların əldə olunması” və “Liderlik bacarıqları” mövzularında təlimlər təşkil olunmuşdu. Təlimlər gənc yazıçı, GR8 şirkətinin həmtəsisçisi və biznes təlimçi Coşqun Kərimov tərəfindən aparıldı. Üç gün ərzində layihə iştirakçıları təlim sessiyalarında iştirak etməklə yanaşı bir sıra qrup çalışmalarında problemlərin həlli, tənqidi və yaradıcı düşüncə, komandada işləmək və digər bacarıqları tətbiq etdilər. Düşərgə iştirakçılara həmçinin bir illik universitetə hazırlıq dövründən sonra universitetlərdə yeni tədris ilinin başlanması öncə istirahət etmək imkanını verdi.

Bu ilki yay düşərgəsi Bakıdakı Beynəlxalq Rotari Klubunun (Rotary Club International Baku) nümayəndəliyinin sponsorluğu ilə həyata keçirilmişdir.