Layihə iştirakçıları üçün onlayn psixoloji dəstək

“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi mövcud koronavirus (COVID-19) pandemiyasına baxmayaraq fəaliyyətini davam etdirir. Mart ayının əvvəlindən etibarən dərslər və psixoloji dəstək onlayn şəkildə həyata keçirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişi ilə mart ayından etibarən ölkədə xüsusi katantin rejimi elan olunub. Virusun yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağalar tətbiq olunub: “evdə qal” əmri verilib və bütün kütləvi toplantılar qadağan edilib.

Bu müddət ərzində gənclər onlayn şəkildə psixoloji dəstəklə təmin olunurlar: layihənin psixoloqu layihənin əhatə etdiyi bütün bölgələrdə yaşayan iştirakçılarla fərdi və qrup görüşləri keçirir. “Gələcəyini Qur!” Layihəsi fəaliyyətinin 6-cı ilində Bakının 6 rayonundan (Binəqədi, Qaradağ, Xətai, Xəzər, Sabunçu, Suraxanı) və Bakıdan kənar 5 regiondan (Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar, Yevlax) olan 250-dən çox gənci dəstəkləyir.