Heydər Əliyev Mərkəzində “Elm və Vətənə Xidmət” mövzusunda konfrans

17 fevral 2018-ci il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsi dəyərlərə həsr olunmuş növbəti tədbirini həyata keçirdi.

Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə keçirilən konfrans “Elm və Vətənə Xidmət” mövzusuna həsr olunmuşdu.

Tədbirin məqsədi gənclərdə oxumağa, elm öyrənməyə və kitaba həvəsin artırılması və bu prosesin ömür boyu davam edən bir fəaliyyət olduğu təfəkkürünü onlara aşılamaqdır. Qonaqlar öz təcrübələrini bölüşərək gənclərə elmin və təhsilin onların həyatlarında oynadığı rolu, elmin və təhsilin hal-hazırda gördükləri işlərdə faydasından danışdılar. Eyni zamanda öz həyatlarından və tanınmış şəxslərdən nümunələr verərək elmə aid müxtəlif vacib mesajları gənclərə verdilər.

Konfransda çıxışçı qismində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüsal Hüseynov, BP Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Təhsil məsələləri üzrə müşaviri Anar Məmmədov, ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekan vəzifəsini icra edən Araz Yusubov, və gənc ixtiraçı, Reynenerci (Rainergy) qurğusunun yaradıcısı, Bakıdakı “İstək” litseyinin 9-cu sinif şagirdi Reyhan Camalova iştirak etdilər.

2014-ci ildən fəaliyyət göstərən “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən dəstəklənir və bir sıra yerli və xarici şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilir. Layihə çoğrafiyası 5 Bakı rayonunu və 5 Azərbaycan rayonunu əhatə edir.