Bakı Mühəndislik Universitetində tədbir

23 fevral 2020-ci il tarixində Bakı Mühəndislik Universitetində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin dəyərlərindən biri olan “Ədalət” mövzusuna həsr olunmuş növbəti tədbiri baş tutdu.

Tədbir universitetin Elmi işlər üzrə prorektoru Elçin Süleymanovun çıxışı və universitet haqqında ətraflı məlumat verməsi ilə başladı. Universitetin təqdimat videosunun nümayişindən sonra həmin universitetin Kimya mühəndisliyi fakültəsində təhsil alan layihənin 2017-ci il məzunu Valentina Cavadova tələbəlik dövründə yaşadığı təcrübələri iştirakçılarla bölüşdü. İştirakçılar universitetin qəbul qaydaları, mövcud ixtisaslar, tədris prosesi və universitetdəki təhsil imkanları barədə suallarını həm Elçin müəllimə, həm də Valentinaya ünvanladılar.

Tədbirin ikinci hissəsində öz bilik və təcrübələrini bölüşən Coşqun Kərimov gəncləri interaktiv oyuna cəlb edərək qalib gələn iştirakçılara müəllifi olduğu bir neçə kitabını hədiyyə etdi. Daha sonra “HR Option” şirkətinin təsisçisi, İnsan resursları üzrə mütəxəssis Xəqani Səfərov öz çıxışı ilə tədbiri davam etdirdi. BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisində Tərəfdaşlıq və İnkişafın Maliyyələşdirilməsi üzrə müşavir Şəms Mustafayevanın və BMT-nin Dayanıqlı İnkişaf və gender üzrə eksperti, hüquqşünas Xalisə Şahverdinin bəşəri ədalət, qadınlara ədalət, hüquq bərabərliyi və bu kimi məsələlər barədə səsləndirdikləri çıxışlar iştirakçıların marağına səbəb oldu və bu barədə aktiv müzakirələr həyata keçirildi. Layihənin psixoloqu Hüseyn Xəlilov iştirakçıları daim hər mövzuda ədalətli olmağa səslədi. Tədbirin sonunda layihə rəhbəri Bəhruz Hidayətzadə mövzu ilə əlaqədar tövsiyələrini gənclərlə bölüşdü.

2014-ci ildən fəaliyyət göstərən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən dəstəklənir və bir sıra yerli və xarici şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilir. Layihə coğrafiyası 6 Bakı rayonunu və 5 Azərbaycan rayonunu əhatə edir.