Bakı Mühəndislik Universitetində ədalət mövzusuna həsr olunmuş tədbir

21 aprel 2018-ci il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi dəyərlərə həsr olunmuş növbəti tədbirini həyata keçirdi. Tədbir Bakı Mühəndislik Universitetində (BMU) baş tutdu.

Tədbirin açılışını edən BMU-nun rektoru Professor Havar Məmmədov layihə iştirakçılarını və qonaqları salamladı, və gənclərə uğurlar arzuladı. Tədbirin ilk spikeri Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Mirzəzadə öz çıxışında gənclərin həyatda məqsədli, əzimkar və çalışqan olmağa çağırdı. Ədalət mövzusuna həsr olunmuş tədbirdə tanınmış radio aparıcısı DJ Tural, Gilan Holding şirkətinin insan resursları üzrə mütəxəssisi Xəqani Səfərov, tarixçi və tədqiqatçı Əkbər Nəcəf və BMU-nin müəllimi Şamxal Əbilov çıxış etdilər.

Proqramda BMU-nin təqdimatı da yer almışdı. Universitetin təqdimatını “Gələcəyini Qur!” layihəsinin məzunu, 2017-ci ildə BMU-ə 668 bal ilə daxil olmuş və hal-hazırda İnformasiya texnologiyaları ixtisası üzrə təhsil alan Ruqiyyə Bədirova etdi. Tədbir zamanı layihə iştirakçıları üçün universitetin turu təşkil olundu.